Noy 09, 2021 13:22 Asia/Baku
  • Erməni nazirin Qarabağa səfərinə etiraz

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Xankəndinə səfərinə etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin yaydığı bəyanatda Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə daxil olması, qondarma qarabağ respublikasının başçıları və silahlı birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsini hərbi-siyasi təxribat adlandırıb.
Ermənistanın müdafiə nazirinin Qarabağa səfərinin 10 noyabr razılaşmasının ildönümündə həyata keçməsinə diqqət çəkən MN bu səfərin üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozduğunu bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında Ermənistan ordusunun Qarabağdakı fəaliyyətinin davam etməkdə olduğu da təsdiqini tapıb: “Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir”,- deyə MN bəyanatında bildirilir.

Bəyanatın sonunda xəbərdarlıq edilir ki, Ermənistan rəsmilərinin Rusiyanın nəzarətində olan Qarabağa səfərləri təkrarlanarsa, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir. 

Bəyanatda Xankəndindəki Rusiya sülhməramlılarının Ermənistan rəsmilərinin Qarabağa səfərlərini təşkil etməsinə və üçtərəfli razılaşmaya zidd olaraq Ermənistan silahlı birləşmələrinin Qarabağdakı fəaliyyətinin davam etməsinə şərayit yaratmalarına etiraz edilməyib.

Teqlər