Azərbaycan XİN sözçüsü İrəvanı sərt şəkildə ittiham etdi
"Ermənistan bölgədə bilərəkdən təxribatlar törədir"
Azərbaycan bildirib ki, Ermənistan müdafiə nazirinin Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bu haqda deyib: “Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır”, - deyə L.Abdullayevanın açıqlamasında bildirilir.
Mətbuat xidməti idarəsinin rəhbəri, həmçinin noyabrın 8-də Şuşa yaxınlığında baş verən insidenti də şərh edib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya noyabrın 8-də Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Halbuki adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə həyata keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə ki, ciddi suallar doğurur.