Dek 28, 2021 12:04 Asia/Baku
  • Qarabağa qanunsuz səfərlər Azərbaycanı hövsələdən çıxarır

Rusiya Dövlət Dumasının deputatı Qarabağa qanunsuz səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, moderator.az saytı bu barədə yazır:

Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan XİN-in "qara" siyahısında olan Vitali Milonov növbəti dəfə, amma bu səfər torpağımızda faktiki ağalıq edən Rusiya “sülhməramlı”larının dəstəyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq  Qarabağa  qanunsuz səfər edib.

Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, hazırda da Xankəndində olan Rusiya deputatı separatçı rejiminin rəhbəri  Arayik Arutyunyanla qeyri-rəsmi görüş keçirib və bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.

“Biz regiondakı mövcud vəziyyəti, xristian abidələrinin qorunması və bərpasını, habelə müharibədən sonrakı dövrdə respublikanın normal həyata qaytarılmasına yönəlmiş məsələləri müzakirə etdik” –deyə ermənipərəst Duma üzvü yazıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı 2020-ci ilin 44 günlük müharibəsi zamanı da Dağlıq Qarabağa səfər edib və ermənilərə qeyd-şərtsiz dəstəyini ifadə edib.

Dumada Sank-Peterburq şəhərindən iqtidarda olan, yəni faktiki olaraq prezident V.Putinin lideri olduğu  “Vahid Rusiya” partiyasını təmsil edən V.Milonov, bəzi məlumatlara görə, hələ 44 günlük müharibədən əvvəlki illərdə də  işğal altındakı torpaqlara qanunsuz səfərlər edib, Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermiş, məlum deputatın adı arzuolunmaz şəxslərin siyahısına əlavə olunmuşdu. Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağı öz vətəni adlandıran rusiyalı deputat Azərbaycanın qələbəsini özü üçün böyük ağrılı faciə hesab etdiyini də bildirib. 

Teqlər