Azərbaycanda illik inflyasiya 13% olub
Tariflər və unun bahalaşması öz təsirini göstərməyə başlayıb
Azərbaycan Dövlət Statistika Komitəsi istehlak və xidmət qiymətlərinin artdığını təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib.
Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, tütün məmulatlarının, azalma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 % təşkil edib.
Məlumata əsasən, bu ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi ötən ilin dekabr ayına nisbətən 101,0 % təşkil edib.
Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.