Ukraynada həlak olan azərbaycanlıların sayı artır
Ukraynada daha 4 azərbaycanlı həlak olub
Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov bu barədə bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - Mahmud Qurbanov vurğulayıb.
Dünən də Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olmuşdu.
Həmçinin daha öncə də Ukraynadan çıxarkən bir avtomobilin atəşə tutulması nəticəsində 3 azərbaycanlı həlak olmuş 4-u yaralanmışdı. Yaralananlardan biri sonra həyatını itirdi.
Xarkov şəhərində də 1 azərbaycanlı küçədə güllə yarası alaraq həlak olmuşdur.
Beləliklə Ukrayna müharibəsi başlanandan bəri təxminən 10 azərbaycanlı həlak olub.
Azərbaycanlıların Ukraynadan təxliyyə edilməsi barədə Azərbaycan hökuməti kəskin tənqidlərin hədəfindədir. Sosial şəbəkələrdə yayılan videolarda Ukraynadakı azərbaycanlılar rəsmi Bakıdan yardım tələb edirlər. Bəziləri Azərbayan hökumətini Ukraynadakı azərbaycanlıların taleyinə biganə yanaşmaqda ittihamlandırırlar.
Rəsmi Bakı isə bu istiqamətdə əlindən gələni etdiyini bildirir.