Mart 08, 2022 13:15 Asia/Baku
  • Zərdüşt Əlizadə: Qərb can-can desə də, çörək vermir

Azərbaycan Respublikasında tanınmış politoloq bildirib ki, Ukraynanın müdafiəsi üçün Qərbin atdığı addımlar yetərli deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Zərdüşt Əlizadə AzPolitika.info saytına verdiyi müsahibədə Ukraynadakı vəziyyətin həddən artıq kritik olduğunu vurğulayıb. “Ukrayna rəsmiləri Qərbdən gözlədikləri dəstəyi ala bilmirlər. Qərb can-can desə də, çörək vermir. Təbii ki, Ukraynanın müdafiəsi üçün bunlar yetərli deyil. Bəli, Rusiyaya çox ciddi cəza tədbirləri tətbiq edilir. Bu cəza tədbirləri uzunmüddətli dövrdə Rusiyada izlər buraxacaq. Rusiyanı çökdürəcək, inkişafını ləngidəcək. Amma müharibənin müqəddəratı günlər və ya həftələr ərzində müəyyən olunacaq. Bu baxımdan Qərbin Ukraynaya dəstəyi daha geniş olmalıdır”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, indiki Ukrayna hökumətinin kapitulyasiyaya gedəcəyi inandırıcı görünmür. Buna getmək ölümə bərabərdir, Ukrayna dövlətinin məhvi deməkdir.

Zərdüşt Əlizadə bildirib ki, Moskva Kiyevi tutandan sonra bir ruspərəst siyasətçini Ukrayna dövlətinin başına gətirəcək. Bu şəxs Yanukoviç, Azarov və yaxud başqa birisi olacaq. Hər halda, bir satqın siyasətçi tapıb onunla müqavilə bağlayacaqlar. Bu müavilədə Ukrayna “hökuməti” Krımın Rusiyaya mənsub olduğunu, eləcə də Donetsk və Luqanskdakı “respublikalar”ın “müstəqilliyi”ni tanıyacaq. Əlbəttə, belə bir Ukrayna hökumətini dünya, eləcə də Ukrayna xalqı tanımayacaq. Amma Kreml düşünür ki, sərt rejim tətbiq etmək və Ukraynanı nəzarətə almaqla istəklərinə çata biləcək.

Rusiya, Belarus və Ukraynadan ibarət vahid dövlətin qurulmasını Putinin maksimum hədəfi adlandıran politoloqun qənaətincə, rus qoşunları Cənubi Qafqaz, Orta Asiya və sair yerlərə üz tuyacaqlar, amma bu, alınmayacaq.

Teqlər