Prezident İlham Əliyev fərman imzaladı
İran üzərindən Naxçıvana kommunikasiya xətti açılacaq
Azərbaycanın dövlət başçısı bu ölkə ilə İran arasında Şərqi Zəngəzurla bağlı memorandumu təsdiqləyib
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq olunub.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinə isə tapşırılıb ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərsin.