Lavrovdan sensasion açıqlama:
Minsk Qrupu ləğv olundu
Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Minsk Qrupu ilə bağlı sensasion açıqlama verib.
SəhərAzəri-nin məlumatına əsasən, Lavrov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər.
Rusiyalı nazir sözlərini belə izah edib: “ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk Qrupunu da ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.
Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də digər yerlərdəki münaqişələrdə də rusofob siyasətlərinə əsir olurlar, öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni dayandırmağa məcbur edirlər. Əgər Fransa və ABŞ Qarabağ münaqişəsi barədə belə qərar veriblərsə, Allah onları mühakimə edəcək.
Rusiyanın Xarici Siyasət Aparatının rəhbəri qeyd edib ki, Rusiya bu cür yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək. Çünki Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə tərəfdar olaraq qalmaqdadır və rəsmi Moskva Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır və ümid edir ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasının tərəfdarı olduğunu açıqlayıb.