Apr 14, 2022 12:10 Asia/Baku
  • Təkcə Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verilsin!

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında mühüm bəyanatlar səsləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, habelə Qarabağın statusu ilə bağlı iddialardan imtina etməkdən yana olduğuna eyham vurub:

"Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dünyada tanımayan yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır. Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində "plankanı" bir az aşağı salın".

Baş nazir bəyan edib ki, beynəlxalq tərəfdaşlar İrəvanın hazırkı mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər.

Onun dünənki açıqlaması da eyni məzmunda olub və revanşist qüvvələr, eləcə də Qarabağ erməniləri Ermənistanın baş nazirini təslimçilikdə və Azərbaycan qanunlarının Qarabağda tətbiq edilməsi faktı ilə razılaşmaqda ittiham ediblər.

Bununla belə hazırda iki qonşu ölkə arasında cərəyan edən sülh danışıqları onu deməyə əsas verir ki, Paşinyanın açıqlamaları Qarabağ ətrafında yeni mərhələnin başlandığı göstərir.

Birincisi, erməni baş nazir Azərbaycana qarşı ərazi iddialarının olmadığını, Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu etiraf edir.

İkincisi, “status” məsələsinin arxa plana keçdiyini, Qarabağdakı ermənilərin təhlükəsizlik və hüquqlarının təmin edilməsinin prioritet olduğunu elan edir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi sülh sazişinin imzalanması üçün Ermənistana 5 təklif irəli sürmüşdü. Orada süsusilə Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq ərazi mübahisələrinə son qoymaları və bir-birinin ərazi bütövlüyünü tanımaları qeyd olunur. Prezident İlham Əliyev son açıqlamasında bildirib ki, rəsmi İrəvan Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə hazırlığını Bakının diqqətinə çatdırıb.  

Bununla da proseslər İrəvanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina edilməsini nəzərdə tutan baza prinsiplərini qəbul etdiyi yönündə getdiyi deməkdir.

Şübhə yoxdur ki, sülh sazişi ilə Qarabağdan imtina edilməsi erməni müxalifətində və diasporda ciddi reaksiya doğuracaq. İstisna deyil ki, onlar beynəlxalq ictimaiyyətdə Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmə” hüququnun təbliğatı üçün kampaniyaya başlaya bilərlər.

Teqlər