Paris Azərbaycanın əsəbləri ilə oynayır
Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı
Psaris şəhər merinin Qarabağdakı separatçıların nümayəndə heyəti ilə görüşü rəsmi Bakını hiddətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, 28 may 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə dəvət edilib.
Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.
Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.
Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.
Xatırladaq ki, Fransa Senatı 44 günlük müharibənin ardınca səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib.
Fransa dövlət başçısı bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında yaranmış sərhəd problemləri ilə əlaqədar Azərbaycanı "işğalçı dövlət" adlandırmışdı.
Rəsmi Parisin Qarabağla bağlı mövqeyi həmişə Azərbaycan rəhbərliyi tərəfindən tənqidlə üzləşib. Ötən il sentyabrın 28-də prezident İlham Əliyev Frans-24 kanalı ilə müsahibədə demişdir ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”, - deyə Azərbaycan Prezidenti vurğulamışdır.