Azərbaycan Respublikası DİN:
“Mərasim iştirakçılarının təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür”
Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.
Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciətinsə bildirib.
Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı Azərbaycan Respublikası xalqına müraciət edib.
Müraciətdə matəm mərasimlərinin məscidlər, ziyarətgahlar və onların ətrfındakı ərazilərdə keçirilməli olduğu vurğulanır: "Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir”,- deyə bəyanatda bildirilir.
Daxili İşlər Nazirliyi bu bəyanatda məhərrəm günləri xüsusiylə Tasua və Aşura günlərində matəm mərasimində iştirak edən insanların təhlükəsizliyi və rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün lazımı tədbirlərin həyata keçirildiyi də xatırladılır.
DİN öz müraciətində pandemiya ilə əlaqədar səhiyyə məsələlərinə də diqqət yetirilməsini tövsiyə edib: “ Əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur”,- deyə bəyanatda vurğulanır.
Bəyanatda matəm mərasimi iştirakçılarına Piyadaların və yol hərəkətinin digər iştirakçılarından həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verməmələri istənilir.