Bakıda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Aksiyaçılar iqtidarı xəyanətdə ittiham etdilər
Oktyabrın 7-də müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah Partiyası Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması tələbi ilə Bakıda piket keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, piket iştirakçıları Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb edən sözlər yazılmış plakatları, Azərbaycan və Ukrayna bayraqlarını qaldıraraq "Rədd olsun işğalçı Rusiya ordusu" şüarı səsləndiriblər.
Aksiya iştirakçıları bildirib ki, bu gün Ukraynada kütləvi qətllər törədən hərbçilər Azərbaycanda sülhməramlı ola bilməz. Onların demələrinə görə, Rusiya Azərbaycanda da çoxsaylı faciələr törədib: "Bu ordunu bura dəvət edənlər də cavab verməlidir ki, nəyə görə onlar Azərbaycana Rusiya ordusunu dəvət etdilər? Bu, Azərbaycan xalqına ən böyük xəyanət idi. Rus ordusu burada olunca, burada işğal olacaq".
Zorge parkında toplaşan və Rusiya səfirliyinin önünə doğru hərəkət edən aksiya iştirakçılarının qarşısını polis əməkdaşları alıb. Ona görə də aksiya iştirakçıları piket qətnaməsini parkda oxuyublar.
İki nəfərin polis tərəfindən saxlanıldığı deyilir. Digər iştirakçılar isə parkdan çıxarılıb.