Rusiya Cənubi Qafqazda söz sahibi olaraq qalmaqdadır
Soçi görüşü Əliyevin maraqlarını təmin etmədi - TƏHLİL
Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən sammitdə İlham Əliyevin gözləntiləri özünü doğrultmayıb və Qarabağ məsələsinin həllinə aydınlıq gətirilməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir.
Buna cavab olaraq Putin Qarabağ konfliktinin bitmədiyini açıq şəkildə bəyan edib və daha çox Ermənistanı ruhlandıran bəyanat verib. Bununla belə o, ümid edib ki, Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli sammit Qarabağda nizamlanma istiqamətində addımlar tapmağa imkan verəcək.
Xatırladaq ki, Putinin bundan əvvəl Valday konfransında verdiyi açıqlama zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alaraq, kinayə ilə Vaşinqton variantından danışması rəsmi Bakını çətin vəziyyətdə qoydu. Ona görə də Əliyevin Soçidən əliboş qayıdacağı şübhə doğurmurdu və bunu üçtərəfli formal bəyanatın mətnindən də asanlıqla başa düşmək olur.
Bəyanatda deyilir: “Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə yuxarıda bundan əvvəlki sazişlərə ciddi əməl etməyə sadiq olduğumuz təsdiq etdik”.
“Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına aktiv hazırlığın vacibliyini vurğuladıq. Mövcud işlənilmələr əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək".
Azərbaycan Respublikası və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışladılar”.
Bəyanatın məzmununa diqqət yetirdikdə dörd məqam özünü daha çox göstərməkdədir: 1- Brüssel formatı faktiki olaraq arxa plana keçir və Rusiya bundan sonra da Cənubi Qafqaz regionundakı hərb və sülh məsələlərini öz inhisarında saxlayır. 2- Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi açıq qalır və Əliyevin təsəvvüründən fərqli olaraq onu bitmiş hesab etmək olmaz. 3- Azərbaycan öz öhdəlikləri əsasında Ermənistan sərhədlərinin toxunulmazlığına riayət edərək qonşu ölkənin ərazilərinə qarşı hansısa iddia ilə çıxış etməkdən, o cümlədən də Zəngəzur Dəhlizi yaratmaq planından vaz keçməlidir. 4- Soçi görüşündə cəmi bir məsələ həll olunub: Rusiya tərəfindən münaqişənin idarə edilməsi davam etdiriləcək.