Naxçıvanın rəhbəri Vasif Talıbov yola salınır?
Muxtar respublikada həbslər dalğası geniş vüsət almaqdadır
Naxçıvanda son həbslərdən və aparılan əməliyyatlardan sonra muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun da vəzifəsini itirə biləcəyi haqda iddialar gündəmdən düşmür.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Turan Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, hətta bir çox media orqanlarında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib. Həmin media orqanları Naxçıvan rəhbərliyini kimlə əvəz edilə bilər sualına cavab axtarır. Hələlik bunun rəsmi təsdiqi yoxdur.
Yerli medianın bildirdiyinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb. Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur. Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.
Dünən yerli mediada yayılan daha bir məlumata görə, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev və "Cahan Holdinq" Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovun dindirilmək üçün Bakıya gətirilib. Bu haqda “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb. Xəbərdə onların vergidən yayınma, qaçaqmalçılıq və sairədə ittiham olunduğu bildirilir.
Bu arada Dövlət Təhlükəsizliyi Xidməti regiondakı dövlət müəssisələrini yoxlamaqda davam edir və artıq külli miqdarda mənimsəmə və oğurluğa görə bir neçə məmur həbs edilib. Həmçinin bildirilir ki, Naxçıvanda güc qurumlarının hərəkətlərini ölkə prezidentinin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev koordinasiya edir. O, bir aydır ki, Naxçıvandadır.