Deputat Hikmət Babaoğlu:
“Fransa hazırda ABŞ-ın hibrid müharibəsində bir alətdir”
Azərbaycanlı deputat bildirib ki, Fransa prezidenti Emmanuel Makronun 59-cu Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxış təhlükəsizlikdən daha çox dünyanı daha da təhlükəli etməyə çağırış kimi qiymətləndirilməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Hikmət Babaoğlu APA-ya açıqlamasında deyib ki,Emmanuel Makron öz çıxışında Rusiyadan başlamış Qafqaza qədər, Yaxın Şərqdən başlamış Afrikaya qədər böyük bir coğrafiyada hamıya müharibə elan edir: “Hələ bu azmış kimi BMT-nin də fəaliyyətindən narazılıq edir. Ancaq məsələ ondadır ki, belə aqressiv və təhdid dolu fikirlərin müəllifi olan prezidentin rəhbərlik etdiyi Fransa hazırda ABŞ-ın dünya hegemoniyası uğrunda apardığı müharibədə, sadəcə, bir vassal, ABŞ-ın hibrid müharibəsində bir alət, onun adından Rusiyaya qarşı vəkalət müharibəsində iştirak edən silahtutandır. Makronun fikirləri isə ona görə cəsarətli görünür ki, bu çıxış onun siyasi monoloqudur, vəssalam”,- Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, real geostrateji proseslərdə səsləndirdiyi iddiaları həyata keçirmək üçün Emmanuel Makronun nə hərbi-siyasi gücü, nə də real iqtisadi potensialı var: “Ancaq bu da məsələnin yalnız bir tərəfidir. Görünür ki, BMT-nin əlçatanlıq məsələsini Emmanuel Makron tamamilə başqa prizmadan görür. Hazırda aktual olan məsələ BMT Təhlükəsizlik Şurasında qərarların qəbullu zamanı konsensus və obyektivlik üçün üzvlərin sivilizasiyalar üzrə proporsionallığı məsələsidir. Emmanuel Makron isə bunu veto hüququnun ümumi konsensusla əvəzlənməsi kimi görür ki, bu da tamamilə yanlışdır”,- Millət vəkili bildirib.
Hikmət Babaoğlu Fransa Prezidentinin Rusiyanı neokolonist adlandırmasını çox ziddiyyətli adlandırıb: “Məsələ ondadır ki, Rusiyanı neokolonizmdə ittiham edən Emmanuel Makron elə həmin çıxışındaca başdan-başa Fransa neokolonizmini irəli sürür. Rusiyanın Ukraynaya hücumunu pisləyir, ancaq özünün Ağ dənizdə hərbi eskalasiyasından danışmır. Neokolonist Rusiyanın Qafqazda problemləri həll edə bilməyəcəyini deyir, özünün Ermənistana yeni neokolonzm üçün Fransa jandarmeriyasını göndərməyindən söz açmır. Bu, siyasi istehzadır. Belə çıxır ki, Rusiya neokolonist olanda bu, pisdir, ancaq Fransa neokolonist olanda bu, yaxşıdır?
Deputat Emmanuel Makronun “Fransa dəyərləri”-ni bölüşməyən ölkələrə qarşı müdaxiləçi təhdidlərinə də münasibət bildirib: Cənab Makron, Sizin dəyərlər 3 milyon əlcəzairlini, yüz minlərlə yəmənlini, milyonlarla Şimali Afrika xalqlarını, korsikalıları öldürmək və soyqırımı törətməkdirsə, sizin dəyərlər soyqırımı törətmiş bacınız Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsini dəstəkləməkdirsə, o dəyərləri nə Qafqazda, nə də dünyanın heç bir yerində heç kimlə bölüşə bilməyəcəksiniz”,- Hikmət Babaoğlu deyib.