Fransanın XİN rəhbəri Bakıya çağırış etdi
“Azərbaycan beynəlxalq məhkəmənin qərarına hörmət etməlidir”
SəhərAzəri-nin məlumatına əsasən, Fransa ilə Azərbaycan arasında söz dueli qızışır. Rəsmi Paris bildirir ki, Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmət etməlidir.
Bu barədə fevralın 28-də parlamentdə hökumət saatında Fransanın Xarici işlər naziri Ketrin Kolonna bildirib.Nazir beynəlxalq məhkəmənin fevralın 22-də qəbul etdiyi qərara əsasən, Laçın dəhlizi ilə maneəsiz nəqliyyatın bərpasının zəruriliyini bir daha vurğulayıb.
“Qərar Azərbaycan üçün məcburidir və ona hörmət edilməlidir”- deyən nazir Fransanın iki ölkə arasında təhlükəsizlik məsələləri və təmaslarla məşğul olan Avropa İttifaqı missiyasında iştirak etdiyini xatırladıb.
Ketrin Kolonna deyib ki, Laçın dəhlizin bağlanması, Bakı ilə İrəvan arasında dialoqa kölgə salır. Ona görə də, Azərbaycan beynəlxalq məhkəmənin tələb etdiyi kimi sərbəst hərəkəti bərpa etməlidir.
Daha sonra o, Tvitter-də yazıb: “Laçın dəhlizinin bağlanması əsas məsələdir. Heç bir gecikmə olmadan sərbəst gediş-gəliş bərpa edilməlidir. Bu, Azərbaycanın öhdəliyidir, hüquq qorunmalıdır”.
Fransanın iradlarına Azərbaycan Respublikasının cavabı özünü çox gözltməyib. İlham Əliyev Parisin ermənilərə təəssübkeşlik etməsinə belə cavab verib: “Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırımı aktlarına görə üzr istəməyə çağırırıq”.