Azərbaycan 40-50 milyard borc götürmək istəyir
Azərbaycan Respublikası prezidenti Almaniya şirkətlərinin rəhbərləri ilə görüşündə ölkəsinin yaxın illərdə borclanmaya getmək niyyətində olduğunu deyib. Ekspertlər bunu təhlükəli hesab edirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir. Martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb. Sitat: “… 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq.”-Sitatın sonu
Fikirləri Turan xəbər agentliyində dərc olunan İqtisadçı Nazim Bəydəmirli bildirir ki,Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatları var: “Təbii ki, beynəlxalq maliyyə korporasiyaları ilə əməkdaşlıq etmək lazımdır, həm borcalan, həm borcverən şəklində. Amma baxır borc hansı faizlədir. Əgər bizim xaricdə olan valyuta ehtiyatlarımızdan gələn illik gəlir hesabına krediti bağlamaq mümkündürsə burada heç bir problem yoxdur”.
Lakin, onun sözlərinə görə, kreditlər yüksək faizlə verilir. Sitat: “Xarici maliyyə institutları krediti yüksək faizlə verirlər. Bizim indiyə qədər aldığımız kreditlər illik 5-7 və daha böyük faizlərlə verilib. Bu Azərbaycanın indiki durumunda məqsədəuyğun deyil”.
Bəydəmirlinin fikrincə sözügedən kredit pul şəklində yox, investisiyalar şəklində cəlb edilə bilər: “Yəni, hansısa xarici şirkət Azərbaycan bazarına maraq göstərsə yatırım edə bilər”.
İqtisadçı deyir ki, Azərbaycan vətəndaşlarının sosial durumu yaxşı deyil, gəlirləri artmır, mənimsəmələr və inhisarçılıq var: “Xarici şirkətlər investisiya qoyan zaman Azərbaycanın beynəlxalq reytinqlərinə, ölkədə biznes mühitinə, inhisarçılıq səviyyəsinə, hüquq sisteminin nə dərəcədə işlək olmasına baxırlar. Bütün bu reytinqlərdə biz qonşu ölkələrə - Gürcüstan və Ermənistana uduzuruq”,- Nazim Bəydəmirli deyib.
O, vurğulayıb ki, kredit pul şəklində verilərsə, Azərbaycanın xaricdə olan vəsaitləri girov və zəmanət kimi götürülərsə bu, çox təhlükəlidir: “ Belə olan halda xaricdə olan ehtiyatlarımız da sual altına düşür və indiki şəffaflıq olmayan yerdə onları biz geri qaytara bilməyəcəyik”,- İqtisadçı Nazim Bəydəmirli deyib.