Ərdoğanın Azərbaycan ailələrinə uşaq resepti birmənalı qarşılanmır;
İqtisadçı: Bu maaşla beş uşaq saxlamaq mümkün deyil
Türkiyə prezidentinin Azərbaycan ailələrinə 5 uşaq arzulaması birmənalı qarşılanmır.
Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan iyunun 13-də İlham Əliyevlə görüşdə ölkədə əhalinin artımına toxunub. O deyib ki, Azərbaycanda əhalinin artımı üçün hər ailədə beş uşaq olmasını diləyir.
İqtisadçı Nazim Bəydəmirli bu təkifə münasibət bildirərək deyib ki, Azərbaycanda rəsmi muzdlu çalışanların sayı 1 milyon 700 min nəfərdir: "Onlardan yarısı məhdud əməkhaqqı alır. Onun məbləği də 450 manata qədərdir. Orta əməkhaqqı da rəsmi olaraq 900 manat civarındadır. Bu maaşla beş uşaq saxlamaq mümkün deyil. Azərbaycan ən çox borclanan vətəndaşlara malikdir və əhalinin 75 faizdən yuxarısının gəlirləri yalnız qidalanmağa yetir".
İqtisadçının sözlərinə görə, rəsmilər Azərbaycanı "sosial dövlət" adlandırmalarına rəğmən, dövlət büdcəsinin böyük hissəsi müdafiə, hüquq-mühafizə orqanlarının saxlanılmasına ayrılır: "Sosial müdafiə tədbirləri ilə bağlı vəziyyət isə çox pisdir".