Metyu Miller:
“Laçın dəhlizindən azad və açıq tranzit bərpa olunmalıdır”
Cümə axşamı ABŞ Dövlət Departamenti Laçın rayonunda Ermənistan-Azərbaycan sərhədində atışma ilə bağlı son hadisələrə reaksiya verib.
"Biz öz bəyanatımızı təsdiqləyirik ki, tərəflər sərhəd boyunca döyüşlərdən çəkinməlidirlər və tərəflər möhkəm və layiqli sülh sazişinin bağlanması üzərində işlədikləri üçün Laçın dəhlizindən azad və açıq tranzit bərpa olunmalıdır", - o deyib və əlavə edib:"Biz tərəflərin tezliklə görüşünü səbirsizliklə gözləyirik",- Metyu Miller Turan-ın Vaşinqton müxbirinə bildirib.
Cümə axşamı səhər Azərbaycan bildirib ki, Laçın yaxınlığındakı blokpost hücuma məruz qalıb, nəticədə bir sərhədçi yaralanıb. Ermənistan da öz növbəsində bildirib ki, "Azərbaycanın Ermənistan ərazisində öz bayrağını qaldırmaq cəhdi nəticəsində" onun sərhədçilərindən biri yaralanıb.
İnsident barədə məlumatlar fonunda Rusiya sülhməramlıları və Qırmızı Xaç kolonları blokpostdan keçə bilməyiblər.
Bu, Yerevanın Naxçıvanla sərhəddə insident barədə məlumat verməsindən bir gün sonra baş verib. Ermənistanda Amerika investisiyaları ilə inşa edilən poladtökmə zavodunda çalışan iki nəfər Hindistan vətəndaşı yaralanıb.
"Biz Azərbaycan tərəfdən atəş nəticəsində Ermənistandakı ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının yaralanmasından çox narahatıq", - Metyu Miller Tvitterdə yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tvitterdə cavab verib: "Biz Ermənistanda tikilən metallurgiya zavodundakı mülki işçilərə qarşı əsassız ittihamları rədd edirik. Bir qayda olaraq, bu, Ermənistanın çaşqınlıq yaratmaq və diqqəti öz hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirindən yayındırmaq üçün növbəti uydurmasıdır".
Cümə axşamı mətbuat konfransı zamanı Turan-ın Vaşinqton müxbiri Millerdən insidentlə bağlı Vaşinqtonun narahatlığı barədə danışmasını xahiş edib.
"Mənim bu vəziyyətlə bağlı hələ də narahat olduğumuzu söyləməkdən başqa təklif edəcəyim bir şey yoxdur və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq", - o deyib.
Son günlərdə ümumi sərhəddə yenidən baş verən qanlı toqquşmalar ABŞ-ın vasitəçiliyilə sülh danışıqlarının pozula biləcəyilə bağlı narahatlıq yaradıb.
Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün təşkili üzərində işləyir. Görüşün yeni tarixinə gəlincə, "bunu etmək imkanımız olanda elan edəcəyəm",- Miller Turan-ın müxbirinə deyib.