Əsl cinayətkarlar azadlıqdadır
https://azeri.sahartv.ir/news/azərbaycan-i402507-Əsl_cinayətkarlar_azadlıqdadır
2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 10, 2023 13:46 Asia/Baku
  • Əsl cinayətkarlar azadlıqdadır

2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.

Hazırda işgəncələrlə əlaqədar hər biri 4 nəfərdən ibarət iki qrupun məhkəməsi gedir.

5 nəfərlik daha bir qrupun məhkəməsi isə yaxın günlərdə başlayacaq.

Budəfəki məhkəmə iclasında hakim Zeynal Ağayev məlumat verib ki, mərhum zərərçəkmiş Babək Baxşəliyevin hüquqi varisi qismində tanınan qardaşı Bəhruz Baxşəliyev Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə məktub göndərib.

O yazıb ki, məhkəmənin obyektivliyinə, ədalətliliyinə inanmadığına görə iştirak etmək istəmir. Çünki mərhum qardaşına işgəncə verilməsində günahkar saydığı vəzifəli şəxslər hələ də azadlıqdadır.

O, həmin hadisələr zamanı korpus komandiri olmuş general Hikmət Həsənovun, briqada komandiri olmuş polkovnik Teymur Məmmədovun və başqalarının adlarını çəkib.

Bundan öncəki məhkəmədə ifadə verən zərərçəkmişlər bildirmişdilər ki, onlar orada da işgəncələrə məruz qalıblar: döyülüblər, ac-susuz saxlanılıblar, hətta tualetə getməyə belə, imkan verilməyib və s.

Yeri gəlmişkən bildirək ki, 2021-ci ildə Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat yenilənəndən sonra 450-yə yaxın adam zərərçəkmiş qismində tanınıb. Ardınca həmin dövrdə dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfər 5 il 6 ay sonra bəraət alaraq, azadlığa buraxılıb.