Sen 20, 2023 16:25 Asia/Baku
  • Dağlıq Qarabağda hərbi əməliyyat dayandırıldı

Azərbaycanın Qarabağ bölgəsində gedən döyüşlərin ardınca erməni silahlı birləşmələr silahı yerə qoyub və təslim olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Ən son məlumata əsasən, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

 

Teqlər