Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub
Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.
2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.
Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Baydenin Azərbaycana səfir namizədi Mark ABŞ Milli Hərbi Kollecinin məzunudur və Vaşinqtonda yerləşən həmin kollecdə Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyir.
Mark Libbi həmçinin Dövlət Departamentində əməliyyat mərkəzinin böhrana nəzarət üzrə rəis müvini vəzifəsində işləmişdir.
Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.
O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
Azərbaycan Respublikasının öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsindən sonra ABŞ və digər qərb dövlətləri yaranmış vəziyyətdən narazılıqlarını müxtəlif romalarda nümayiş etdirirlər. Belə bir şəraitdə ABŞ-ın Azərbaycan Respublikasına təyin etdiyi yeni səfirinin Milli hərbi Kollecdə eləcə də Dövlət Departamentinin böhranın idarəedilməsi üzrə vəzifəli şəxs olması xüsusi diqqət çəkir.