İran səfiri Ş.Mustafayev ilə görüşüb
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Baş nazirinin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevlə görüşüb.
Görüş zamanı noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.
Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.
Qeyd edək ki, noyabrın 9-da EKO iqtisadi əməkdaşlıq təşkilatının Özbəkistanın Daşkənd şəhərində keçirilən 16-cı sammitinin kənarında İran və Azərbaycan prezidentləri arasında baş tutan görüşdə Azərbaycan Respublikasının əsas hissəsinin Naxçıvan Muxtar Respublikasına quru əlaqəsini təmin edən layihənin tez bir zamanda təkmilləşdirilməsi, Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa əməliyyatlarında İranın iştirakı və texniki-mühəndislik potensialından istifadə, qarşılıqlı və regional tranzit və enerji həmkarlıqlarının gücləndirilməsinə təkid edilib. Tərəflər region təhlükəsizliyinin təmin edilməsinin yalnız regiondaxili əməkdaşlıqlar yolu ilə mümkün olduğunu bildirib, Qərbin hər hansı müdaxiləsini region ölkələrinin zərərinə hesab ediblər.