MM bəyanatında:
“ABŞ Azərbaycanda artıq nüfuzunu itirib”
Azərbaycan Respublikası parlamenti ABŞ Senatının 15 noyabrda qəbul etdiyi “2023-cü il erməniləri müdafiə aktı”-nı kəskin şəkildə pisləyib.
Azərbaycan Respublikası Milli Məclisinin noyabrın 21-də keçirilən iclasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanatında bu hərəkətə kəskin etiraz bildirilir və ümumiyyətlə son vaxtlar artmaqda olan ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirlərinin münasibətlərə ciddi zərbə vuracağı bildirilir.
“Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür”, -bəyanatda deyilir.
Parlamet üzvləri birinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına qarşı cinayətlər törədilərkən ABŞ-ın düşmənçi mövqeyini də xatırladıblar: ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir”,- bəyanatda deyilir.
Deputatlar 1-ci Qarabağ müharibəsi dövründə ABŞ-ın Ermənistana maliyyə yardımlarını yada salaraq Vaşinqtonu Azərbaycanın ərazilərinin işğalına kömək etməkdə ittihamlandırıblar.
Bəyanatda ABŞ-ın Qarabağda yaradılmış qanunsuz separatçı rejimin fəaliyyəti müddətində daima bu rejimə dəstək verdiyi faktı da vurğulanır: “ABŞ separatçı rejimə maliyyə yardımı göstərmiş, rejim nümayəndələrinin ABŞ-a müntəzəm səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil etmişdir. ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyini və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnmişdir”,- bəyanatda bildirilir.
Deputatlar ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın İran-Azərbaycan əməkdaşlıqlarına qarşı son müdaxiləçi sözlərinə də münasibət bildiriblər:
“Azərbaycan öz milli maraqlarına uyğun olaraq region ölkələri ilə nəqliyyat dəhlizlərini özü formalaşdırır və bu baxımdan Azərbaycan-İran nəqliyyat dəhlizi Azərbaycanın suveren seçimidir. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq etmişdir. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı İranla müqavilə bağlanılması Azərbaycanın suveren hüququdur”.
Parlamentin bu günkü iclasında çıxış edən deputatlar da Amerikaya qarşı sərt mövqe sərgiləyiblər.
Deputat Musa Qasımlı Son 30 ildə ABŞ-ın ədalətli davranmadığını deyib. O Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından sonra ABŞ-ın Azərbaycanı təbrik etməməsinə diqqət çəkib: “Görünür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. Vaxtilə Azərbaycanlılar öz ev-eşiklərindən qovulanda onlar niyə səslərini çıxarmırdılar? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal ediləndən sonra torpaqlarımızda tarixi-mədəni abidələrin məhvinə də ABŞ reaksiya verməyib”.
Musa Qasımlı dolayısı ilə Azərbaycanın qələbəsinin sadəcə Ermənistan üzərində deyil həm də qərb dövlətləri üzərində olduğunu bildirib
Milli Məclisin deputatı Fəzail Ağamalı isə ABŞ tərəfindən ona verilmiş fəxri vətəndaşlığından imtina etdiyini deyib.
Parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə ABŞ Senatının qərarının Azərbaycan xalqının qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağı qorxusundan irəli gəldiyini deyib.
Deputat bildirib ki, ABŞ-ın hərbi yardımları dayandırması ölkəni antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır:
"Amerika silahlarının Ermənistanı veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndiyə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur",- Zahir Oruc deyib.