Azərbaycanda uşaqlar qızılcadan ölür
Kürdəmir rayonunda qızılcadan dörd yaşlı uşaq həyatını itirib. Onun peyvənd olub-olmaması barədə məlumat verilmir.
Sputnik Azərbaycan Kürdəmir Rayon Polis İdarəsinə istinadla bildirir ki, Kürdəmir rayonun Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Ölən uşağın babası isə bildirib ki, uşaq yeddi-səkkiz gün imiş qızılca çıxarıbmış:
"Uşağı həkimə aparıb-gətirirdik. Müalicə üçün siroplar yazmışdılar. Amma həyatını xilas edə bilmədik körpənin. Səhər bədəni daha çox səpmişdi. Temperatur yüksəldi, qəflətən keçindi".
Məlumatda qeyd olunur ki, Zaqataladan sonra Kürdəmir rayonunda da qızılca xəstəliyi geniş yayılıb.
Qeyd edək ki, qızılca xəstəliyinin qarşısının alınması üçün uşaqlar 12-15 aylığında eləcə də 4-5 yaşında ümumiyyətlə iki dəfə peyvənd edilməlidir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaqların Qızılca xəstəliyinə immunitet yaratmaq üçün peyvənd edilmələri ümumölkə proqram çərçivəsində dövlətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir.
Kürdəmir rayonunda qızılcadan həyatını itirən uşağın vaxtında peyvən olunub-olunmaması barədə məlumat yayılmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.”
Ümumdünya Səhiyyə Təşkilatı inkişaf etməmiş ölkələrdə daha çox yayğın olan qızılcanı cilovlamaq üçün uşaqların 6 və 9 aylıqlarında iki dəfə peyvənd olunmalarını tövsiyə edib.
Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir. Peyvənd olunan uşaqlarda nadir hallarda baş veərn yoluxma halalrında isə qızdırmanı salmaq üçün “Parasetamol” (asetaminofen) və “Ibuprofen”-dən istifadə olunmalıdır. Həmçinin qızılcanın müşahidə olunduğu yerdə digər uşaqlar və şəxslər peyvənd edilməlidir.