Müsavat, AMİP və AXCP seçki qərarını elan etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i406533-müsavat_amİp_və_axcp_seçki_qərarını_elan_etdi
Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edib.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Dek 16, 2023 09:03 Asia/Baku
  • Müsavat, AMİP və AXCP seçki qərarını elan etdi

Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edib.

Prezident seçkilərində iştirak etməmək haqqında qərar partiyanın Divanı tərəfindən qəbul edilib.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.

Bu arada müxalifətin əsas partiyalarından sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da 16 dekabr qurultayında seçkidə iştirak etməyəcəyi barədə müvafiq qərar qəbul edib.

Partiyanın sədri Əli Kərimli qurultayda bildirib ki, partiyadaxili müzakirələr apararaq seçkilərdə iştirak etməməyə qərar verilib.

Qurultay Əli Kərimlinin çıxışından sonra seçkidə iştirak edib-etməməyi səsə qoyub.

Qurultay seçkidə iştirakın əleyhinə səs verib, 2 nəfər isə seçkiyə qatılmağı dəstəkləyib.

Bununla da AXCP seçkini boykot qərarı çıxarıb.

Hakim Yeni Azərbaycan Partiyasının nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov müxalifətin boykot qərarı barədə Turan agentliyinə deyib: “Müxalifət partiyalarının davranışları və bəyanatları onların seçki prosesində iştirak etmək istəmədiyini göstərir”.

YAP funksioneri iddia edib ki, “hazırda Azərbaycan prezidentinin populyarlığı ən yüksək səviyyədədir. Azərbaycan xalqı İlham Əliyevi öz xilaskarı, torpağı işğaldan azad edən qalib prezident hesab edir. Bu kontekstdə rəqiblərin davranışını başa düşmək olar. Onlar bilirlər ki, Azərbaycan prezidentinə ümumbəşəri sevgi var. Belə bir vəziyyətdə İlham Əliyevlə rəqabət aparmaq son dərəcə çətindir”.

Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib və növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi, lakin Əliyevin sərəncamı ilə növbədənkənar seçkinin keçirilməsi qərara alınıb.

Rəsmilər bunun səbəbini islahatları sürətləndirmək kimi amillə izah edirlər.

2016-cı ildə Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəllər bu müddət 5 il idi.