Zəngəzur dəhlizi Azərbaycanla Rusiyanın birgə layihəsidirmi?
Politoloq: Əliyev Putinin qarşısında öhdəliklər götürüb
Azərbaycanlı politoloq Əliyevin Putin qarşısında öhdəliklər götürdüyünü düşünür.
Ərəstun Oruclu feysbuk üzərindən yaydığı məqalədə İlham Əliyevin Ermənistanın cənubundan keçəcək yola Rusiyanın nəzarət etməli olmasını israr etməsinə toxunaraq yazır: “Azərbaycan o dərəcədə Rusiya yönümlü xarici siyasət yürüdür ki, artıq bütün dünyada Rusiyanın aləti kimi qəbul edilir. İş o yerə çatıb ki, Ermənistanın "Zəngəzur dəhlizi" məsələsinin ikitərəfli formatda həll etmək təklifinə Azərbaycan israrla Rusiyanın bu məsələdə vasitəçi olmasını tələb edir”.
Politoloq əlavə edib: “Rəsmi Bakı bunu tələb edərkən bədnam 10 noyabr 2020-ci il tarixli "Üçtərəfli bəyanata" istinad edir. Halbuki həmin bəyanatda göstərilən bütün bəndlər öz əhəmiyyətini artıq tamamilə itirib. Təbii ki, "Zəngəzur dəhlizi" məsələsindən başqa. Burda da absurd olan odur ki, Azərbaycan öz ərazisinin 2 hissəsini birləşdirəcək və eyni zamanda da Azərbaycanla Türkiyə arasında əlaqələri təmin edəcək dəhlizə Rusiyanın nəzarət etməsini niyə istəməlidir? Halbuki bunun da cavabı olduqca sadədir: Əliyev Putinin qarşısında öhdəliklər götürüb”.
Xatırladaq ki, Ermənistan baş nazirinin hazırladığı “Sülh qovşağı” planında sözü gedən marşruta Rusiyanın nəzarəti istisna olunub, o cümlədən də Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirən yolun hər iki başında Ermənistanın yoxlama-buraxılış mexanizminin tətbiq edilməsi nəzərdə tutulub. Rəsmi Bakı bu təklifə soyuq yanaşır, Rusiya isə 10 noyabr 2020-ci il bəyanatını rəhbər tutaraq bu yola nəzarətin birbaşa Rusiya Federal Sərhəd Qoşunlarına tapşırılmasını tələb edir.
Son açıqlamalardan aydın olur ki, Ermənistan öz suveren hüquqlarından vaz keçmək fikrində deyil və milli hakimiyyətini risk altına atmaq istəmir.