Ərşad Hüseynov:
"Yollarımız getdikcə daha təhlükəli olmaqdadır”
Azərbaycanda yol nəqliyyat hadisələrində ölənlərin sayı artıb. Bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib.
Ərşad Hüseynovun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2023-cü ildə baş vermiş cinayət sayılan yol-nəqliyyat hadisələri ilə bağlı açıqladığı statistikanı təhlil edəndə aydın olur ki, ağır nəticəli hadisələrin sayı artıb.
Ekspert bildirib ki, 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlər – 834 nəfər, 2023-cü ildə ölənlər- 862 nəfər olub. Hadisələrdə ölənlərin sayı təxminən 3,4% artıb.
Ekspert onu da deyib ki, bu rəqəmlər ölkə yollarında vəziyyətin getdikcə daha təhlükəli olmasını göstərir. Çünki dünya təcrübəsində yollarda təhlükəsizlik səviyyəsi birbaşa olaraq qəzalarda ölənlərin sayı əsas götürülməklə müəyyənləşdirilir.
" Ən acınacaqlısı odur ki, bütün bunlar 2018-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın icrasının yekunlaşdırılmalı olduğu ilə aiddir”,- Ərşad Hüseynov deyib.
Ekspert xatırladıb ki, dövlət proqramında gözlənilən nəticələrdən biri onun icrasının yekununda yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması idi. Amma rəqəmlər az qala bunun tərsini göstərir. Proqramdan əvvəlki ildə (2018-ci ildə) belə hadisələrdə ölənlərin sayı 722 nəfər idisə, 2023-cü ildə bu göstərici 862 nəfərədək artıb. Yəni təxminən 19,4%-lik bir artım baş verib".