Azərbaycan və Çin strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul ediblər
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Azərtacın məlumatına görə, bəyannamədə deyilir ki, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
Sənəddə Azərbaycan tərəfinin “Vahid Çin” prinsipini, eləcə də Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu qətiyyətlə dəstəklədiyi öz əksini tapıb.
Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
Tərəflər öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazır olduğunu da bəyan ediblər.
Tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər.
Azərbaycan və Çin təhsil, səhiyyə, mədəniyyət və turizm sahəsində də əməkdaşlığı gücləndirməyə hazır olduqlarını qeyd ediblər.