Azərbaycan həbsxanaları dözülməz məkana çevrilib
Siyasi məhbus kimi tanınan iki inanclı aclıq aksiyasına başlayıb
Azərbaycan Respublikasında beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan iki dindarın aclıq aksiyasına başladığı bildirilir.
Dövlətə xəyanət ittihamıyla 16 il azadlıqdan məhrum edilən Polad Aslanovun aprelin 5 -dən, narkotik ittihamı ilə həbs edilən dindar Elvin Nəzərovun isə aprelin 7-dən aclıq aksiyasına başladığı deyilir.
Polad Aslanovun aclıq aksiyasına səbəb ailəsi ilə görüş verilməməsi ilə bağlıdır.Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən siyasi fəal Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
O, ittihamları rədd edərək, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir.Elvin Nəzərov isə şikayətlərinin nəticəsiz qaldığını deyir.
Daxil olan məlumata əsasən, məhbusun məruz qaldığı işgəncələr nəticəsində öd kisəsində problem yaranıb və əməliyyata ehtiyacı var. Elvin Nəzərov, eyni zamanda barəsində Apellyasiya Məhkəməsinin qərarının olmasına baxmayaraq hələ də cəzaçəkmə müəssisəsinə köçürülməməsinə etiraz edir.
Elvin Nəzərov ilk dəfə Gəncə hadisələri zamanı 2018-ci ildə həbs olunub və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İkinci həbsi isə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə həbs olunduğu dövrdə olub. Bu ilin yanvarın 9-da o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda dini inanclıların kütləvi həbsi 2022-ci ilin yanvar ayından başlandı. Onlar əsasən narkotik ittihamıyla həbs ediliblər.