Gültəkin Hacıbəyli məsələsi Türkiyə Böyük Millət Məclisində
Ərdoğan hökumətinin AXCP funksioneri ilə bağlı qərarı bloklanırmı? - AKTUAL
Azərbaycanlı müxalif siyasətçi Gültəkin Hacıbəylinin İstanbulda saxlanılaraq G-82 kodu ilə deportasiya prosesinə götürülməsi məsələsi Türkiyə Böyük Millət Məclisinə çıxarılıb.
İstanbulda çıxan Karar qəzetinin yazdığına görə, millət vəkili Ömər Faruq Gərgərlioğlu daxili işlər naziri Əli Yerlikayaya ünvanladığı 14 maddəlik sorğu ilə bu qərarın hüquqi əsaslarını, Azərbaycandan gələn mümkün sorğuları və Türkiyə tərəfindən “geri göndərməmək” prinsipinin pozulması ehtimalını soruşub.
Nəşr qeyd edir ki, Hacıbəyli deportasiya qərarını siyasi sayır və Azərbaycana qaytarılacağı halda həbs ediləcəyini bildirir.
Azərbaycanda müxalif kimliyi ilə tanınan keçmiş millət vəkili və siyasətçi Gültəkin Hacıbəyli 29 noyabrda “milli təhlükəsizlik üçün təhlükə yaradan əcnəbi” səbəbi ilə İstanbulda saxlanılaraq Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılıb.
DEM Partiyasının Kocaeli millət vəkili Ömər Faruq Gərgərlioğlu daxili işlər nazirinə geniş yazılı sorğuda xüsusilə G-82 məhdudiyyət kodunun hansı kəşfiyyat məlumatına əsaslandığı barədə sual verib.
Bu arada Milli Şuranın üzvü Gültəkin Hacıbəyli vəkilinin vasitəsilə bildirib ki, saxlanmanın hüquqi əsası yoxdur; 25 sentyabrda Türkiyəyə daxil olub və 3 aylıq qanuni qalma müddəti başa çatmayıb; üstəlik, 2 illik etibarlı oturma izni var.
Onun sözlərinə görə, əgər Türkiyədən Azərbaycana göndərilsə, siyasi səbəblərlə həbs ediləcək və bu qərar Azərbaycan müxalifətinə qarşı təzyiqlərə Türkiyə tərəfindən dəstək vermək anlamına gələcəkdir. Bu səbəbdən Türkiyənin yerli ekspertləri hesab edirlər ki, məhkəmə azərbaycanlı müxalifətçi fəalın təhvil verilməsinin hüquqa zidd olduğunu nəzərə alaraq deportasiya qərarına veto qoya bilər.