Azərbaycan Britaniyaya etiraz edib
İyul 02, 2015 13:12 Asia/Baku
-
Azərbaycan Britaniyaya etiraz edib
Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etirazı bildirilib. Bu kimi halların Azərbaycan və Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.
Həmçinin, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.