İyul 30, 2015 17:30 Asia/Baku
  • Ziyalılar Şurasının sədri Ali Məhkəməyə müraciət edib
    Ziyalılar Şurasının sədri Ali Məhkəməyə müraciət edib

Azərbaycan Respublikasının Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin işi Ali Məhkəməyə göndərilib.

Bu barədə Modern.az saytına Eldəniz Quliyev özü məlumat verib.
O bildirib ki, Nəsimi Rayon Məhkəməsi cəzanın qalan hissəsindən azad olunmaq haqqında vəsatətini təmin etməyib: “İş Ali Məhkəməyə göndərilib. Bu ona ehtiva edir ki, mən hər gün ictimai işləri görməliyəm. Hesablamama görə, ictimai işlərin üçdə biri arxada qalıb. Məhkəmə gedə-gedə ictimai cəzanı dayandırmadılar. Baxmayaraq ki, məhkəməyə xəstəliyimlə bağlı tibbi arayış da təqdim etdim. İlk dəfə idi ki, qanunla humanizmin bir-birinə zidd nöqtəsinin şahidi oldum. Bir daha deyirəm ki, barəmdə açılmış bu cinayət işi saxtadır, siyasi motivlidir. Bunu deməyə qətiyyən şübhəm qalmayıb ki, barəmdə qaldırılan cinayət işi ictimai və siyasi fəaliyyətimlə bağlıdır”.
Eldəniz Quliyev bildirib ki, Ali Məhkəmə prosesin vaxtını uzadır: “Deməli, mən hər gün ictimai işlə məşğul olmalıyam. Buna baxmayaraq ümid həmişə olur. Tutaq ki, Ali Məhkəmə qərar çıxartdı ki, hökm ləğv olunsun. Bu, nəyi dəyişəcək? Cəzaların cərimə hissəsini ödəmişəm, ictimai cəzanın üçdə biri gedib, ölkədən çıxmağım yasaqlanıb. Ali Məhkəmənin müsbət qərarı olmasa da, bu işlər bitəcək. Hesab edirəm ki, sonda işə Avropa İnsan Haqları Məhkəməsində baxılacaq”.
Eldəniz Quliyev hesab edir ki, barəsində çıxarılan hökm onun vasitəsilə bir çox ziyalılara, Milli Şuraya eləcə də Azərbaycan Ziyalılar Birliyinə bir mesajdır: “Mənə dəyən mənəvi zərər və zərbəni çox böyük qiymətləndirirəm. Bir an olsun ictimai-siyasi fəaliyyətimi səngitmədim. Artıq 10 seriyalı filmin ssenarisini tamamlamışam.
Təzyiqdən o adam qorxar ki, haqsızdır, ədalətsizdir, əqidəsizdir. Bu yaşıma qədər öz əqidəmə xəyanət etməmişəm, bundan sonra da etməyəcəm. Qorxuya qalanda nədən qorxmalıyam? Öz içində qorxunu öldürmüş adam heç nədən qorxmaz”.
2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.
Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsini əsas götürərək 480 saatlıq işdən azad olunmağı haqqında yenidən məhkəməyə müraciət edib.

Teqlər