Avq 15, 2015 14:11 Asia/Baku
  • Azərbaycan Respublikası əhalisinin sayı 10 mln. nəfərə yaxınlaşır
    Azərbaycan Respublikası əhalisinin sayı 10 mln. nəfərə yaxınlaşır

İlin əvvəlindən Azərbaycan Respublikasında əhalinin sayı 52,3 min nəfər və ya 0,5 faiz artaraq, 2015-ci ilin iyul ayının 1-i vəziyyətinə 9 milyon 644 min 300 nəfərə çatıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən bildiriblər ki, iyulun 1-dək ölkədə əhalinin bir kvadrat kilometrinə olan sıxlığı 111 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır.
Azərbaycanda cinsi say üstünlüyü yenə qadınların tərəfindədir. Hazırda ölkədə əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır və ya hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Yaş kateqoriyalarına gəldikdə isə respublikada əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaş həddindədir.
2015-ci ilin ilk altı ayı ərzində ölkədə 78,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,6 təşkil edib.
Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini isə qız uşaqları təşkil edirlər. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.
Ötən ilin müvafiq dövrünə nisbətən ölkədə ölüm halları 200 nəfər azalıb . Eyni zamanda, bu dövrdə respublikada bağlanan nigahların da sayında azalma, yəni 200 fakt müşahidə edilib. Bunun əksinə olaraq, boşanmaların sayı isə artaraq, 500 fakt olub.

Teqlər