Avq 22, 2015 16:12 Asia/Baku
  • Mingəçevirdə iğtişaşlar: şəhərə daxili qoşunlar yeridildi
    Mingəçevirdə iğtişaşlar: şəhərə daxili qoşunlar yeridildi

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Mingəçevirdə gərginlik getdikcə artır.


İğtişaşların qarşısını almaq üçün şəhərə daxili qoşun bölmələri yeridilib.

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçirmək istəyiblər.
Mərhumun atası mane olmaq istəsə də, onlar aksiyaya israr ediblər.

Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.

Verilən məlumata görə, polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq!», «Qanını yerdə qoymayacağıq!» şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib.


Son xəbərlərə görə, Mingəçevir Şəhər Polis Şöbəsində ölən 1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin qohumları şəhər prokurorluğunun müstəntiqi Rəşadət Orucovu döyüblər.


Hadisə Bəhruz Hacıyevin meyiti morqda olarkən elə morqun qarşısında baş verib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, mərhumun qohumları Bəhruz Hacıyevin polis şöbəsində dindirilmə zamanı döyüldüyünü və nəticədə öldüyünü iddia edirlər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə Bəhruz Hacıyevin dindirilmə zamanı özünü pəncərədən ataraq, intihar etdiyini bəyan edib.

Teqlər