Azərbaycan parlament seçkiləri beynəlxalq müşahidəçilərin nöqteyi-nəzərində
Noy 01, 2015 12:40 Asia/Baku
-
Azərbaycan parlament seçkiləri beynəlxalq müşahidəçilərin nöqteyi-nəzərində
Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin qanunauyğun şəkildə keçirildiyini, hansısa qanun pozuntusunun müşahidə edilmədiyini bildirirlər.
AŞPA Müşahidə Missiyasının rəhbəri parlament seçkilərinin gedişində hansısa çatışmazlıqla qarşılaşmadığını bildirib.“Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq”.
APA-nın məlumaına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.
J. Çukla deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.
52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan almaniyalı müşahidəçi Qabriela Habsburq da seçkilərlə bağlı müşahidələrinə belə aydınlıq gətirib: “Biz indiyədək üç seçki məntəqəsində müşahidə aparmışıq, gördüklərimizdən razıyıq”.
52 saylı Quba seçki məntəqəsinin 5 saylı seçki məntəqəsində seçkiləri izləyən MDB PA müşahidə missiyasının üzvü Firuddin Rəcəbov isə deyib: “Seçkilər yaxşı təşkil olunub və qanunvericiliyə uyğun keçirilir”.
Seçki məntəqələrində müxtəlif siyasi təşkilatları təmsil edən müşahidəçilərlə görüşdüyünü deyən rusiyalı müşahidəçi bildirib ki, onlar seçkilərdə hər hansı müdaxilənin olmadığını deyiblər. F. Rəcəbovun sözlərinə görə, insanlar seçkiyə gəlir və istədikləri namizədə heç bir təzyiq olmadan səs verirlər.
TürkPA müşahidə missiyasının rəhbəri Serijkan Kanayev də seçkilərin qanunauyğun şəkildə keçirildiyini bildirib: "İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir".
Onun sözlərinə görə, TürkPA seçkilərdə hələlik heç bir qanun pozuntusu müşahidə etməyib.
"İki saat ərzində apardığımız müşahidələr nəticəsində seçici fəallığının şahidi olmuşuq", - deyə S. Kanayev bildirib.
Estoniyalı müşahidəçi Uno Silberq seçkilərlə bağlı fikirlərini belə açıqlaıb: “Bu seçki Azərbaycan üçün çox önəmlidir. Biz bu prosesi yaxından izləyirik. Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunub”.
Seçici fəallığının kifayət qədər yüksək olduğunu bildirən müşahidəçi bildirib ki, ünsiyyətdə olduğu seçicilərin əksəriyyəti seçki kampaniyasının ədalətli təşkil edildiyini bildirib. O qeyd edib ki, müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar.