Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i200131-azərbaycan_türkiyənin_bəzi_bölgələrindən_diri_heyvan_və_heyvandarlıq_məhsullarının_idxalını_məhdudlaşdırıb
Türkiyədə dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2015 05:47 Asia/Baku
  • Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb
    Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb

Türkiyədə dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb.

Azərbaycan Respublikası Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu təşkilatın rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun imzaladığı əmrlə Türkiyənİn Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Ərzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyətin qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyənin Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı Azərbaycan Respublikasının bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycan Respublikasının dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyəti sabitdir.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına görə, Türkiyənİn Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyi qeydə alınıb.