Nardaran hadisəsinin ölənləri dəfn olunub
Dek 01, 2015 17:21 Asia/Baku
Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş qarşıdurma zamanı ölən 3 nəfər qəsəbə sakininin meyiti bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Qəsəbə sakininin Trend-ə verdiyi məlumata görə, meyitlər məhdud sayda ailə üzvünün iştirakı ilə dəfn olunub.Xatırladaq ki, ölən kənd sakinləri Fərahim Bünyatov, qardaşı Rəfael Bünyatov və Əkbər Babayevdir.
Bundan əlavə, həlak olanlardan iki nəfər Abbas Hüseyni və Sarvan Səfərov başqa rayondan olduğu üçün onların verilib-verilməməsi haqda məlumat yoxdur.
Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində yaralananlardan hələ də xəstəxanada qalanlar var.
Bu barədə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər hələ də xəstəxanada müalicə alır. Yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər ölüb, bir neçə nəfər isə yaralı vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.