Dek 03, 2015 21:15 Asia/Baku
  • Davudoğlu: Türkiyə Rusiya ilə eyni masa arxasında oturmağa hazırdır
    Davudoğlu: Türkiyə Rusiya ilə eyni masa arxasında oturmağa hazırdır

“Görüşümüzdə Suriyada baş verənlər və noyabrın 24-də təyyarənin vurulmasından sonra yaranmış vəziyyət barədə Azərbaycan prezidentinə məlumat verdim. Dostumuz və qonşumuz olan Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.
Ə. Davudoğlu bildirib ki, Türkiyənin Suriya torpaqlarında gözü yoxdur: “Türkiyə Rusiya ilə hər bir məsələni müzakirə etməyə, eyni masa arxasında oturmağa hazırdır. Bu gün Türkiyə və Rusiya xarici işləri nazirləri Belqradda görüşəcəklər. Bizim üçün yeganə toxunulmaz məsələ sərhədlərimiz və suverenliyimizdir”.
Baş nazir qeyd edib ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib: “Ancaq bu gün Türkiyənin heç bir şəkildə günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb edirik”.
Azərbaycan prezidenti İlham Əliyev isə söyləyib: “İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.

Teqlər