Azərbaycan bankirinə qarşı 120 milyonluq ittiham
Azərbaycan Respublikasının bank sektorunda daha bir həbs və daha bir mənimsəmə. Barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin 120 milyon manat pulu mənimsədiyi bildirilir.
C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda belə qeyd olunur. 120 milyon manat ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.
Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşın adına külli miqdarda kredit rəsmiləşdirərək, özü götürüb.
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev dekabrın 5-də həbs edilib. İnformasiyaya görə, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
C.Hacıyev buna qədər də dəfələrlə “Bandotdel”ə çağırılaraq, dindirilmişdi.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, Beynəlxalq Bankın keçmiş sədrinin həbsi çoxdan gözlənən bir həbs idi: «Hələ gecikiblər».
Ekspert deyir ki, bank sədri pulların böyük bir hissəsini çoxdan Azərbaycandan çıxarıb, və bu pullar başqa-başqa adamların adınadır. Vəsaitin bir hissəsi çoxdan göyə sovrulub.
Əkrəm Həsənov Beynəlxalq Bankın vəziyyətinin yaxşı olmadığı qənaətindədir: "Beynəlxalq Bank xərclərini azaldıb, işçilərini ixtisar edir, layihələrini bağlayır. Digər tərəfdən, Beynəlxalq Bankın problemli kreditləri Aqrar Kredit Təşkilatına tapşırılıb, amma mən burda da gözləmirəm ki, bu qurum krediti qaytara biləcək, çünki rəhbərlik qeyri-sağlamdır. Həm də Beynəlxalq Bank rübdə bir dəfə maliyyə hesabatlarını dərc etməli idi, amma bunu etməyib. Elə bunun özü də vəziyyətin yaxşı olmadığını deyir."