Faciə qurbanları anıldı
-
Faciə qurbanları anıldı
Bakının dəniz kənarı milli parkında "Günəşli" yatağında baş verən hadisə ilə bağlı anım mərasimi keçirilib.
Dekabrın 7-də Bakı bulvarında «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciənin qurbanlarının xatirəsinə həsr olunmuş «Dənizə bir qərənfil ataq» aksiyası keçirilib.
Aksiya iştirakçıları dənizə qərənfil atmaqla itkin düşən 29 nəfərin xatirəsini anıblar.
Aksiyaya çağırış bir gün əvvəl sosial şəbəkələrdə edilmişdi.
Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 29 nəfər itkin düşüb. 33 nəfər xilas edilib, bir nəfərin cəsədi çıxarılıb.
«İtkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb. İndiyə olan məlumata görə, axtarışlar nəticə verməyib, ancaq axtarış tədbirləri davam edir. Axtarış tədbirləri gəmilər və helikopterlərlə həyata keçirilir».
Bunu «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən bildirib.
B.Ağarəhimov deyib ki, yanğın davam edir:
«Bu gün havanın sabitləşməsi imkan verir ki, suyun altında axtarış davam etsin. FHN helikopterləri axtarışı davam etdirirlər, 7 gəmi isə yanğını söndürməyə çalışır. FHN, Dövlət Sərhəd Qoşunlarının və SOCAR rəhbərliyi müşavirə keçirirlər».