Natiq Kərimov: Nardarana elektrik enerjisinin verilişi bərpa olunmayıb
Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir.
APA-nın məlumatına görə, qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov APA-ya bildirib ki, hazırda Nardaranda sabitlik hökm sürür: “Polis öz işini görür, yerli camaat da öz işini. Məlum hadisələrlə əlaqədar başlanmış cinayət işi üzrə bəzi qəsəbə sakinləri istintaqa aparılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, bir neçə nəfər barəsində isə inzibati cəza tətbiq edilib”.
N. Kərimov həmçinin qeyd edib ki, qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb: “Hazırda sayğacların yenilənməsi işi aparılır. Ümid edirik ki, tezliklə elektrik enerjisinin verilişi bərpa ediləcək".