Dek 12, 2015 20:33 Asia/Baku
  • Sumqayıt Texnologiyalar Parkında işçilər tətil keçirirlər
    Sumqayıt Texnologiyalar Parkında işçilər tətil keçirirlər

Cümə günündən Sumqayıt Texnologiyalar Parkında sexlərin işçiləri tətilə başlayıblar.

Bu barədə adının açıqlanmasını istəməyən işçilərin biri məlumat verib.

Bildirilib ki, cümə günü səhər saatlarından etibarən, bütün sexlərdə işçilər fəaliyyətlərini dayandırıblar. Buna səbəb isə onların 4 aydır əmək haqqı almamalarıdır: “Sonuncu dəfə avqust ayında maaş almışıq. Onu da yarımçıq veriblər. Rəhbərlik də heç nə demir, elə ancaq deyirlər ki, gözləyin. Bu gündən heç birimiz işləmirik, tətil edirik. Camaat aksiya keçirir.

1500-dən çox işçiyik. Heç kim maaş ala bilməyib. Hamının krediti var, banklar da bizi sıxır. Sumqayıt Texnologiyalar Parkındakı vəziyyəti bildiyi üçün banklar da kredit vermirlər. Kredit kartlarımızı da bağlayıblar. Kommunal xərclərimizi ödəyə bilmirik, ailəmizi saxlaya bilmirik”.

Qeyd olunub ki, bir neçə öncə aparılan ixtisarlarla Sumqayıt Texnologiyalar Parkında 3 minə yaxın əməkdaş işdən azad olunub.

“Qafqazinfo” məsələ ilə bağlı zavod rəhbərliyi ilə əlaqə saxlayıb. Sumqayıt Texnologiyalar Parkının ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Mehman İsgəndərov öz açıqlamasında işçilərinin maaşının gecikmə müddətinin 4 ay olmasının düzgün məlumat olmadığını bildirib. Daha detallı formada bir qədər sonra məlumat verəcəyini bildirsə də, sonradan zənglərə cavab verməyib.

Teqlər