Bir qrup Nardaran sakini ombudsmana müraciət edib
Bir qrup Nardaran sakini ombudsman Elmira Süleymanovaya müraciət edib.
Nardaran sakini Natiq Kərimovun verdiyi məlumata görə, müraciət, qəsəbədə baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onların barəsində məlumat almaq istəmələri ilə bağlıdır.
“Onlar Ombudsmandan həmin şəxslərlə görüşməyi, onların vəziyyəti ilə bağlı ailələrinə məlumatın verilməsini xahiş edirlər” deyə Natiq Kərimov qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu tərəfindən bu il noyabrın 26-da Nardaranda dindarlara qarşı repressiya tədbirləri həyata keçirilib. Bir qrup dindar saxlanılıb və ya öldürülübdür.
Dekabrın 1-də isə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində ərazidə polis nəzarəti tətbiq edilib.
Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun bildirdiyinə görə, hadisıə ilə bağlı 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.