Nardaran hadisələri ilə əlaqədar daha bir nəfər həbs olunub
-
Nardaran hadisələri ilə əlaqədar daha bir nəfər həbs olunub
26 noyabrda Nardaranda keçirilən polis əməliyyatı ilə əlaqədar daha bir nəfər həbs olunub.
APA-nın xəbərinə görə, Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Məlumata görə, N. Bəhramov "Müsəlman Birlik Hərəkatının" sədri ilahiyyatçı Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N. Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N. Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.
O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.
Qeyd edək ki, noyabrın 26-da Bakının Naradaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı 2-si polis əməkdaşı olmaqla 6 nəfər həyatını itirib. Onlarla nəfər saxlanılıb.
"Müsəlman Birlik Hərəkatı"nın rəhbəri Taleh Bağırov başda olmaqla, hərəkatın 14 üzvü həbs edilib.