Nardaranda vəziyyət əvvəlki kimidir
Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır. Bu haqda kənd ağsaqqalı Natiq Kərimov Azadlıq radiosunun sorğusunu cavablandırarkən bildirib.
Nardaran Ağsaqqallar Şurasının sədri əlavə edib: "Nardaranda vəziyyət əvvəlki kimidir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik var. Postlar qalır yerində. Polis küçədə adamları saxlayıb üst-başını yoxlayır. Eləcə də evlərdə axtarışlar davam etdirilir. Axtarış olan evlərdən kişiləri polisə aparır, bir qədər saxladıqdan sonra buraxırlar. Niyə saxlayırlar, biz bilmirik. Protokol da tərtib etmirlər."
Kərimov qəsəbədə yolların genişləndirilməsinə başlanıldığını da deyib: «Bəzilərinin evi plana düşür. Onlara kompensasiya verilməlidir, ancaq hələlik xəbər yoxdur. Yolları qazıyırlar, sonra üstünü örtürlər ki, su çəkilməlidir... Kənddə polis binası tikiblər, hazırdır, açılış da etmədilər, bilmirik niyə. Pirdən aşağıda yanğınsöndürənlər üçün bina tikilir».
Xatırladaq ki, bu il noyabrın 26-da Nardaranda polis əməliyyat keçirib, bu zaman 2-si polis olmaqla 7 nəfər ölüb. Müsəlman Birliyi Hərəkatının başçısı Taleh Bağırzadə daxil olmaqla 20-dək vətəndaş saxlanılıb. Onlar dövlət çevrilişinə, terrora cəhddə və başqa maddələrlə ittiham olunurlar.