Mirvari Qəhrəmanlı: “Neftçilərin axtarışı 3-4 ay davam etdirilə bilər”
-
Mirvari Qəhrəmanlı: “Neftçilərin axtarışı 3-4 ay davam etdirilə bilər”
Neftçilərin tapılmasına olan ümidlər azalır.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən 23 neftçinin tapılması üçün tədbirlər davam etdirilir. “Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlamor” gəmisi ərazidə işlərini davam etdirir. Aviasiya dəstəsinin 1 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvə və şəxsi heyəti dənizdə itkin düşənlərin axtarış-xilasetmə işlərini aparır. Ekspertlər artıq qalan neftçilərin tapılmasına olan ümidlərin ciddi azaldığını qeyd edirlər.
Azərbaycanda Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, axtarışların nə vaxta qədər aparılması tam olaraq məlum deyil: “Qəbul olmuş qaydaya əsasən itkin düşmüş şəxslər dərhal vəfat etmiş hesab edilmir. İtkin düşmüş şəxslərin ölmüş hesab edilməsi üçün mütləq məhkəmə qərarı verilməlidir. Düşünürəm ki, “Günəşli” yatağında yanğın zamanı itkin düşmüş şəxslərin axtarışı davam etdiriləcək. Çünki, onların ailələrinin ümidini üzmək olmaz. Mümkün olduğu qədər itkin düşmüş dənizçilərin meyitləri tapılıb ailələrinə təhvil verilməlidir.
Bu baxımdan axtarışlar davam etdirləcək. Artıq tapılmaqlarına olan ümid tam olaraq aradan qalxdıqdan sonra, onlar məhkəmə qərarı ilə ölmüş hesab ediləcək. Amma bu axtarışların nə vaxta qədər aparılması tam olaraq məlum deyil. Bu əsasən mütəxəssislərin və hökumətin qəbul etdiyi qərardan asılıdır. Hələ ki, itkin düşmüş meyitlər tapılır. Belə ki, bu günlərdə Türkmənistan sahillərində cəsədlərdən birisi də tapılıb.
Azərbaycan hökuməti Xəzər dənizi sahillərində yerləşən digər ölkələrdən bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edib. Xəzərdə balıqçılar və digər fəaliyyət növləri ilə məşğul olanlar var. Bu baxımdan, bunlar da işə cəlb olunublar. Düşünürəm ki, 3-4 aydan sonra bu axtarışlar qurtarcaq və məhkəmə qərarı ilə tapılmayan şəxslər ölmüş hesab ediləcək”.