Ərəstun Oruclu: "Bu gec-tez baş verəcək. Defolt elan olacağı təqdirdə... "
https://azeri.sahartv.ir/news/azərbaycan-i203430-Ərəstun_oruclu_bu_gec_tez_baş_verəcək._defolt_elan_olacağı_təqdirdə...
Azərbaycanın günü-gündən geriləyən iqtisadi durumunda bir çox imkanlı şəxslər ölkəni tərk edirlər. Ölkəni tərk edənlərin arasında yalnız özəl sektorda işləyən şəxslər deyil, həmçinin vaxtı ilə və ya hal-hazırda dövlət qulluğunda işləyən şəxslər də var. 2-ci devalvasiyadan sonra bir çox təhlilçilərin fikrincə ölkəni tərk edənlərin sayı da artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2016 09:27 Asia/Baku
  • Ərəstun Oruclu:
    Ərəstun Oruclu: "Bu gec-tez baş verəcək. Defolt elan olacağı təqdirdə... "

Azərbaycanın günü-gündən geriləyən iqtisadi durumunda bir çox imkanlı şəxslər ölkəni tərk edirlər. Ölkəni tərk edənlərin arasında yalnız özəl sektorda işləyən şəxslər deyil, həmçinin vaxtı ilə və ya hal-hazırda dövlət qulluğunda işləyən şəxslər də var. 2-ci devalvasiyadan sonra bir çox təhlilçilərin fikrincə ölkəni tərk edənlərin sayı da artıb.

Politoloq Ərəstun Oruclu Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu hadisələr Azərbaycanın maliyyə bazarının defolt ərəfəsində olmasını göstərir: “Ümumiyyətlə ölkədən kapital axınına qeyri-rəsmi məhdudiyyət qoyulub. Bunu nəzərə alsaq, bu kimi tendensiyalar gözləniləndir. Gözləniləndirsə deməli ortada nə isə var. Səbəblər isə hər kəsə aydındır. Bir tərəfdən Azərbaycanın xarici siyasətində yaranmış böhran, ölkəmiz hər tərəfdən təzyiqlərə məruz qalır. Digər tərəfdən ölkədəki sosial-iqtisadi vəziyyətin davamlı kəskinləşməsi, və böhrana səbəb olan amillərin, nəinki aradan qalxmaması, hətta günü-gündən dərinləşməsi hazırki reallıqdır. Son 3 gün ərzində neft 8-9% ucuzlaşıb. Bu isə o deməkdir ki, böhran tam gücü ilə davam edəcək. Ola bilsin ki, daha çox dərinləşəcək.

Bu gün görünən bir neçə faktlardan biri kimi, bankların dollar və avro satmamasını da göstərmək olar. Bütün bunlar ciddi göstəricidir. Artıq bunlar Azərbaycanın maliyyə bazarının defolt ərəfəsində olmasını göstərir. Bu gec-tez baş verəcək. Defolt elan olacağı təqdirdə təbii ki, hakimiyyət özünü xilas etmək üçün ciddi qurbanlara gedəcək. Bu qurbanlar isə əhali arasından deyil, ətrafında olanlardan olacaq. Çünki, əhalidən alınacaq nə var idisə artıq alındı.

Hakimiyyətin yaxın ətrafı isə kapitalını çoxdan ölkədən çıxardıb və çıxarda bilməyənlər isə faktiki özünü xilas etməyə üsütnlük verəcək. Bu da o insanların sürətlə ölkəni tərk etməsinə gətirib çıxardacaq. Bir çoxlarının ölkəni çoxdan tərk etməsini istisna etmək olmaz. İllərdir həmin insanların Qərbi və ABŞ-ı söyməklərinə baxmayaraq bütün pulu elə Qərb və ABŞ banklarındadır. Bu baxımdan, özlərini mümkün zərbələrdən qorumaq üçün bir çoxlarının ölkəni tərk etməsi bir reallıqıdır”.