2016-cı il üçün TANAP üzrə zəruri sənədlər təsdiq edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i205903-2016_cı_il_üçün_tanap_üzrə_zəruri_sənədlər_təsdiq_edilib
Yanvarın 27-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2016 09:10 Asia/Baku
  • 2016-cı il üçün TANAP üzrə zəruri sənədlər təsdiq edilib
    2016-cı il üçün TANAP üzrə zəruri sənədlər təsdiq edilib

Yanvarın 27-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, səfər çərçivəsində R.Abdullayev Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib. Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.

İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırkı statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.