“Atəşkəs” filminin təqdimatı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i208402-atəşkəs_filminin_təqdimatı_olub
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2016 16:15 Asia/Baku
  • “Atəşkəs” filminin təqdimatı olub
    “Atəşkəs” filminin təqdimatı olub

Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.

CBC kanalının verdiyi məlumata görə, filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər, Xocalı faciəsi filmin leytmotivini təşkil edir.

Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, bu gün sonsuz kədər və məyusluq doğuran hadisələrin xronologiyasını yenidən xatırladıq. Belə ki, 24 il bundan əvvəl bəşəriyyət insanlığa qarşı indiyədək törədilmiş cinayətlər sırasında özünün bütün əlamətlərinə görə xüsusi qəddarlıqla müşayiət olunan Xocalı faciəsinə şahidlik etdi. Çox təəssüf ki, şahidlik etdi və susdu.

Əli Həsənov deyib: “Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdıra bilmişik. Azərbaycan xalqına qarşı bu soyqırımını indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər, o cümlədən Ermənistan prezidenti də daxil olmaqla, Cənubi Qafqazda separatçılıq hərəkatını başlayan bir qrup həyata keçirib. Biz, əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla heç də Azərbaycan xalqında, tərəqqipərvər bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır.